NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

05.05.2015 - Sağlamlıq imkanları məhdud uşaqlar arasında Naxçıvan Muxtar Respublika birinciliyi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə ümummillilider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş sağlamlıq imkanları məhdud uşaqlar arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

İdmanın stolüstü tennis, şahmat, dama və darts növləri üzrə keçirilən idman tədbirində sağlamlıq imkanları məhdud 89 uşaq iştirak edib. Yarışlar Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi və Babək Rayon Şahmat məktəbində baş tutub.

İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan stolüstü tennis və darts idman tədbirində Paralimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikada fiziki imkanları məhdud uşaqların idmana cəlb olunmaları üçün mütəmadi olaraq işlər görülür. Bunun nəticəsidir ki, bu gün keçirilən tədbirdə muxtar respublikanın şəhər və rayonlarından 100-ə yaxın fiziki imkanları məhdud olan uşaq iştirak edir. Yarışların keçirilməsində məqsəd bu kateqoriyadan olan istedadlı, perspektivli uşaqları üzə çıxarmaq və onların daim idmanla məşğul olmalarını təmin etməkdir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, bu gün gənclərin yüksək səviyyədə təhsil almaları, intellektual səviyyələrinin yüksəldilməsi, dünyagörüşlərinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni tam orta məktəb binaları, olimpiya- idman kompleksləri, idman mərkəzləri tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Bununla yanaşı, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə nail olmaqdır.

Sonra yarışlarda ilk üç yeri tutan idmançılara hədiyyələr təqdim olunub. Digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.