NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

20.07.2015 - Məhdud fiziki imkanlı şəxslər Ağbulaq İstirahət Mərkəzinə istirahətə göndərilib

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə dövlət qayğısı ilbəil artır. Dinamik iqtisadi inkişaf bu kateqoriyadan olan şəxslərə göstərilən müxtəlif növ sosial xidmətlərin səviyyəsinin yüksəlməsinə əsaslı zəmin yaradıb.

Məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, habelə asudə vaxtlarının, o cümlədən istirahətlərinin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Belə ki, iyun ayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 52 məktəbli uşağın valideynlərinin müşayiəti ilə Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub. Bu tədbirlərin davamı kimi nazirlik tərəfindən iyul ayının 20-də fiziki məhdudiyyəti olan istedadlı, o cümlədən idmançı, musiqiçi, rəssam, toxucu, misgər, ümumilikdə 35 şəxs Ağbulaq İstirahət Mərkəzinə göndərilib.

Mərkəzdə məhdud fiziki imkanlı şəxslərin istirahəti üçün yaradılan şərait yüksək səviyyədədir. Altı gün ərzində onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq üçün proqram tərtib olunub. Proqrama uyğun olaraq məhdud fiziki imkanlı şəxslərin  iştirakı ilə müxtəlif  idman yarışları, əyləncəli tədbirlər təşkil olunacaq. Bu kateqoriyadan olan şəxslərin Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmələri, eyni zamanda onların təbiət gəzintisinin təşkili də tədbirlər planında öz əksini tapıb.

Bütün bunlar məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayan amillərdir.

18.06.2015 - Sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahəti davam edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahətləri davam edir.

Uşaqların istirahət günlərinin mənalı təşkili üçün müvafiq tədbirlər keçirilir. Belə ki, uşaqların iştirakı ilə çərpələng və tennis yarışları keçirilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, fiziki imkanlı məhdud ifaçılar uşaqlar qarşısında konsert veriblər. Eyni zamanda uşaqların təbiətdə gəzintisi təşkil olunub, onlar Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

İyunun 17-də növbəti tədbirlər – dama yarışı və karaoke müsabiqəsi keçirilib, qaliblər mükafatlandırılıb.

 

05.05.2015 - Sağlamlıq imkanları məhdud uşaqlar arasında Naxçıvan Muxtar Respublika birinciliyi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə ümummillilider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş sağlamlıq imkanları məhdud uşaqlar arasında Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

İdmanın stolüstü tennis, şahmat, dama və darts növləri üzrə keçirilən idman tədbirində sağlamlıq imkanları məhdud 89 uşaq iştirak edib. Yarışlar Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi və Babək Rayon Şahmat məktəbində baş tutub.

İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan stolüstü tennis və darts idman tədbirində Paralimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikada fiziki imkanları məhdud uşaqların idmana cəlb olunmaları üçün mütəmadi olaraq işlər görülür. Bunun nəticəsidir ki, bu gün keçirilən tədbirdə muxtar respublikanın şəhər və rayonlarından 100-ə yaxın fiziki imkanları məhdud olan uşaq iştirak edir. Yarışların keçirilməsində məqsəd bu kateqoriyadan olan istedadlı, perspektivli uşaqları üzə çıxarmaq və onların daim idmanla məşğul olmalarını təmin etməkdir.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, bu gün gənclərin yüksək səviyyədə təhsil almaları, intellektual səviyyələrinin yüksəldilməsi, dünyagörüşlərinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni tam orta məktəb binaları, olimpiya- idman kompleksləri, idman mərkəzləri tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Bununla yanaşı, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə nail olmaqdır.

Sonra yarışlarda ilk üç yeri tutan idmançılara hədiyyələr təqdim olunub. Digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar verilib.

06.03.2015 - Həmyerlimiz Dubayda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

2015-ci ilin 20-26 fevral  tarixində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən məhdud fiziki imkanlılar arasında VII Fazza beynəlxalq turnirində Naxçıvan Muxtar Respublika Paralimpiya Federasiyasının yetirməsi Həsənov Hüseyn İsmayıl oğlu uzunluğa tullanma yarışında qızıl medala layiq görülüb. O, eyni zamanda cari ilin oktyabr ayında Qətər Əmirliyində keçiriləcək paralimpiyaçılar arasında dünya çempionatında  iştirak etmək üçün lisenziya qazanıb.

Həsənov Hüseyn İsmayıl oğlu 1986-cı ildə Culfa rayonunun Camaldın kəndində anadan olub. Məhdud fiziki imkanlıdır.

Paralimpiyaçımız beynəlxalq və ümumrespublika yarışlarında  bir sıra uğurlara nail olub.  Belə ki,  iştirak etdiyi bütün beynəlxalq yarışlarda fəxri yerlərə layiq görülüb.

Hüseyn Həsənov 2012-ci ilin sentyabr ayında keçirilən XIV London Yay Paralimpiya Oyunlarında paralimpiyaçılar arasında uzununa tullanma yarışında 6,53 metr göstərici ilə üçüncü yer tutaraq bürünc medal qazanıb.

Bütün bu uğurlar ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmana göstərilən yüksək diqqət və qayğının məntiqi nəticəsidir. Paralimpiyaçımıza yeni uğurlar arzulayırıq.

05.03.2015 - Xalq-uşaq oyunlarından ibarət əyləncəli yarış

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların iştirakı ilə xalquşaq oyunlarından ibarət əyləncəli yarış keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi uşaq və yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışda çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, federasiyanın sədr müavini Cavanşir Salayev keçirilən tədbirin mahiyyəti və qaydaları haqda məlumat veriblər.

Federasiyanın tərkibində fəaliyyət göstərən klubların işinin təkmilləşdirilməsi, kikboksinq idman növünü uşaq və yeniyetmələr arasında təbliğ etmək, həmçinin idmançıların dərəcə və döyüştəcrübəsini artırmaq məqsədilə iki gün davam edən yarışda 80-dən çox idmançı 14 çəki dərəcəsində qüvvəsini sınayıb. İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın yekun nəticəsinə əsasən, Şəmsəddin Əliyev (20 kq), Röyal Fərəcli (24 kq), Ümid Bayramov (27 kq), İsmayıl Yaqubov (34 kq), Anar Tarverdiyev (36 kq), Əmrah Abdullayev (39 kq), Sənan Əliyev (42 kq), Elvin Bayramov (45 kq), Fərman Rzayev (48 kq), İdrak İmanov (51 kq), Əbülfəz Rəcəbli (54 kq), Kərim Babayev (57 kq), Araz Hüseynzadə (60 kq) və Əbülfəz Əliyev (63,5 kq) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıblar