NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

16.07.2016 - Paralimpiya Federasiyasının idmançıları Ağbulaq İstirahət Mərkəzində olublar

Xəbər verdiyimiz kimi, hər həftə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 14-15-də Ağbulaq İstirahət Mərkəzində fiziki imkanları məhdud idmançıların istirahəti təşkil edilib.

Mərkəzdə Par­alimpiya Federasiyasının idmançılarını təşkilatçı qurumların nümayəndələri qarşılayıblar. Onlara mərkəz haqqında geniş məlumat verilib. Nahar yeməyindən sonra proqrama uyğun olaraq idmançılar üçün müxtəlif idman oyunları təşkil edilib. Böyük marağa səbəb olan oyunların ardınca onların Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanışlığı və “Ağbulaq” bulağına yürüşü olub. Şam yeməyindən sonra isə federasiyanın idmançıları üçün vətənpərvərlik mövzusunda sənədli film nümayiş etdirilib.

İstirahətin ikinci gününə səhər gimnastikası ilə başlayan fiziki imkanları məhdud idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Nahar yeməyindən sonra idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.