İyunun 9-da Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Azərbaycanın görkəmli dramaturqu, milli romantizmin banisi Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.
Bildirilib ki, ev muzeyi filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etmək məqsədilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarı ilə yaradılıb. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirilib.
Ziyarətçilərə muzeyin əməkdaşı sahəsi 245 m²-ə bərabər 4 ekspozisiya zalı olan, ümumilikdə 6 otaqdan ibarət muzeydə yer alan dramaturq və ailə üzvlərinə aid müxtəlif əşyalar, muzeyin əsas fondunda 4000, elmi-köməkçi fondunda isə 200, ekspozisiyada isə 600-dən çox eksponat, o cümlədən məişət və geyim əşyaları, Hüseyn Cavidin nəşr olunmuş kitabları, səhnə əsərlərinin proqram və afişaları, fotoşəkillər, Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsinin maketi, şairə həsr olunmuş sənət əsərləri haqqında idmançılara geniş məlumat verib. İdmançılar onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqların bildiriblər.
Daha sonra idmançılar Hüseyn Cavid məqbərəsini də ziyarət ediblər. Məlumat verilib ki, kompleks ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun və qızı Turan Cavidin qəbirləri də məqbərənin sərdabəsindədir. Mişkinaz xanım və oğlu Ərtoğrulun məzarları sərdabə inşa edilərkən–1996-cı ildə buraya köçürülüb, Turan Cavid isə dünyasını dəyişdikdən sonra ailə üzvlərinin yanında dəfn olunub.
İdmançılar müzeydən xoş ovqatla ayrılıblar.