NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

24.01.2017 - 2016-cı ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublika Paralimpiya Federasiyasının iclası keçirilib

Yanvarın 23-də Paralimpiya Federasiyasının 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib. İclası Federasiyanın sədr müavini Vüqar Məmmədov açaraq bildirib ki, Paralimpiya Federasiyası məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına inteqrasiyasının təmin olunmasını  daim  diqqət mərkəzində saxlayır. 2016-cı il ərzində istedadlı idmançıların aşkara çıxarılması, idmançıların fiziki və metodik hazırlıqlarının möhkəmlənməsi məqsədilə paralimpiyaçıların iştirakı ilə voleybol, futzal, yüngül atletika, stolüstü tennis, boccia, armmrestlinq, həmçinin xalq uşaq oyunları üzrə yarışlar keçirilib. Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən Paralimpiya İdman Festivalında paralimpiyaçılarımız yarışlarda muxtar respublikanı layiqincə təmsil ediblər. 

Vurğulanıb ki, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idman həyatına cəlb olunmasına şərait yaratmaq məqsədilə Paralimpiya Federasiyasının nəzdində uşaq paralimpiya klubu yaradılıb. Klubun nəzdində sağlamlıq imkanları məhdud uşaqlardan ibarət  boccia və stolüstü tennis idman növləri üzrə bölmələr fəaliyyətə başlayıb. Paralimpiyaçılara yaradılan hərtərəfli şərait onların  respublika və beynəlxalq səviyyəli yarışlarda  muxtar respublikanı layqincə təmsil etməyə zəmin yaradır. Ötən ilin noyabr ayında Sumqayıtda  keçirilən II uşaq paralimpiya  idman oyunlarında boccia idman növü üzrə yarışlarda həmyerlilərimiz müvəffəqiyyətlə çıxış edərək 1-ci və 3-cü yerlərə layiq görülüblər.

Bildirilib ki, yay mövsümündə 90 nəfər paralimpiyaçının Ağbulaq İstirahət Mərkəzində istirahətləri də təşkil olunub.

Sonra federasiyanın qolbol bölməsi üzrə məşqçi-müəllim Turan Həsənov və boccia bölməsi üzrə məşqçi-müəllim Zaur Hüseynov çıxış ediblər.

İclasda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbəmüdiri Taleh İbrahimov çıxış etmişdir.

Sonda qeyd olunmuşdur ki, Paralimpiya Federasiyası qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı, o cümlədən məhdud fiziki imkanlı gənclərin idman həyatına daha fəal inteqrasiyası, habelə onların sosial reabilitasiyası istiqamətində fəaliyyətini davam etdirəcək.