Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdiyi birincilikdə 20 idmançı mübarizə aparıb. Yarışı keçirməkdə məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün idmanın, o cümlədən armreslinq idman növünün inkişaf etdirilməsidir.
Birincilik iştirakçıları 75 kiloqramadək və 75 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar.
Yarışın nəticəsinə əsasən, 75 kiloqramadək idmançıların mübarizəsində Turan Hüseynov bütün rəqiblərinə qalib gələrək əsas mükafatı qazanıb. Allahverdi Məmmədov ikinci, Məmili Məmmədov isə üçüncü olub. 75 kiloqramdan yuxarı çəki dərəcəsində İlqar Sadiqov qalib adını qazanıb. Digər iki pillədə Ələkbər Salmanov və Nəriman Mehdiyev qərarlaşıblar.
Sonda idmançılar diplom və hədiyyələrlə təltif olunublar.