Sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə onlar arasında idmanın kütəviliyinə nail olmaq, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkil etdiyi voleybol idman növü üzrə yoldaşlıq görüşü ərzində oktyabr ayının 19-da Şərur Olimpiya-İdman Kompleksində “Şərur” və “Sədərək” komandaları, oktyabr ayının 24-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Culfa” və “Babək” komandaları üz-üzə gəliblər.
Maraqlı mübarizə şəraitində Şərur Olimpiya-İdman Kompleksində keçən qarşılaşmanı Şərur rayonunun voleybolçuları 3:1 hesablı qələbə ilə və Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçən qarşılaşmanı isə Culfa rayonunun voleybolçuları 3:1 hesablı qələbə ilə başa vurublar.
Yoldaşlıq görüşünün keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onlar arasında voleybol idman növünün inkişaf etdirilməsidir.