NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

05.03.2019 - Paralimpiyaçılar qol güləşi üzrə güclərini sınayıblar

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fiziki imkanları məhdud şəxslər arasında keçirilən armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Olimpiya sistemi əsasında iki kateqoriyalı çəki dərəcəsində (75-, 75+ kiloqram) keçirilən turnirdə 25-ə yaxın idmançı mübarizə aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birinciliyin acılıq mərasimində çıxış edən Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildirib ki, bu gün muxtar respublikamızda fiziki imkanları məhdud şəxslər hərtərəfli olaraq dövlət qayğısı ilə əhatə olunublar. Bu gün federasiya Gənclər və İdman Nazirliyi ilə birgə onların idman cəlbi yönündə mühüm işlər görür. Belə yarışları, birincilikləri keçirməkdə məqsəd idmanın kütləviliyinə nail olmaqla yanaşı, həm də fiziki imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. 
Gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, dövlətin apardığı idman siyasəti nəticəsində gənclərimiz beynəlxalq arenalarda böyük uğurlara imza atırlar. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərin nəticəsində bu gün Naxçıvan idmançıları öz bacarıqları, əldə etdikləri nailiyyətlərlə seçilirlər. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeni idman zalları, olimpiya-idman kompleksləri və digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq idmançıların ixtiyarına verilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində gənclərin vətənpərvər ruhda tərbiyə olunması işi günün tələbləri səviyyəsində qurulub. Fiziki imkanları məhdud şəxslərə isə dövlətimiz xüsusi olaraq qayğı ilə yanaşır. Nazir birinciliyin iştirakçılarına uğurlar arzulayıb.
Gərgin keçən idman mübarizəsinin yekununda Zamin Hacıyev və Telman Şirinov öz çəki dərəcələrində birinciliyin qalibi adını qazanıblar. Vüsal Möhsünlü və Kərəm Həmzəyev ikinci, Nihad Zeynalzadə və Allahverdi Məmmədov isə üçüncü yerlərə layiq görülüblər.
Qalib idmançılar fəxri diplom və hədiyyələrlə təltif olunublar.