NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

25.02.2019 - Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının iclası keçirilib

Fevralın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının iclası keçirilib. 
Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. 
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxış edərək vurğulayıb ki, muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxışında qeyd edib ki, muxtar respublikamızda idman və idmançılara hərtərəfli dövlət qayğısı nəticəsində gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə, nazirlik muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir. Qeyd edilib ki, adıçəkilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən Paralimpiya Federasiyasında sağlamlıq imkanları məhdud insanların idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir. 
Sonra Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikada müasir idman məktəbləri və idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılıb. Ali Məclis Sədrinin diqqəti nəticəsində 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əsası qoyulub. Naxçıvanda sağlamlıq imkanı məhdud uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.
Azad Cabbarov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə Nicat Babayev Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilib. O, gənclər və idman naziri Nicat Babayevin Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.
Təklif yekdilliklə qəbul olunub və Nicat Babayev Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri seçilib.
Yeni təyin olunan federasiya sədri çıxış edərək qeyd edib ki, muxtar respublika rəhbəri tərəfindən hər zaman sağlamlıq imkanları məhdud insanlara diqqət və qayğı göstərilir. Nicat Babayev Paralimpiya Federasiyasının bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracağını, sağlamlıq imkanları məhdud insanların idmana cəlbinə diqqətlə yanaşacağını bildirib. Sonda federasiya sədri yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib. 
Tədbirə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub yığıncaq iştirakçıları adından Nicat Babayevi Paralimpiya Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.