NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

12.11.2016 - Sağlamlıq imkanları məhdud idmançılarımız II Uşaq Paralimpiya İdman Oyunlarında müvəffəqiyyətlə çıxış ediblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”  barədə keçirilən müşavirədə   məhdud  fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasının təmin olunması, idman növlərinin inkişaf etdirilməsi tapşırıqlarının icrasını Naxçıvan  Muxtar  Respublikası  Paralimpiya Federasiyası  diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirir.

Sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idman həyatına cəlb olunmasına şərait yaratmaq məqsədilə  bu kateqoriyadan olan uşaqlardan ibarət  bədii  gimnastika, boccia idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Sağlamlıq imkanları məhdud uşaqların idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün hərtərəfli şəraitin yaradılması paralimpiyaçılarımızın respublika səviyyəli yarışlarda muxtar respublikanı layqincə təmsil etməyə zəmin yaradır.

Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində  keçirilən II Uşaq Paralimpiya  İdman Oyunlarında muxtar  respublikamızı stolüstü tennis  və  boccia idman növü üzrə sağlamlıq imkanları məhdud 3 idmançı təmsil edibdir. Boccia idman növü üzrə yarışlarda həmyerlilərimiz müvəffəqiyyətlə çıxış edərək, Yunisova Gülü 1-ci, Yunisov İlqar isə 3-cü yerə layiq görülüblər. Onlar Millı Paralimpiya Komitəsinin diplom və kuboku ilə təltif olunublar.