İyunun 24-də Naxçıvan Atıcılıq Mərkəzində müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsinin qaziləri arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib. Silahlı Qüvvələr Gününə həsr olunmuş yarış əlamətdar günün qeyd olunması, müharibə əlillərinin asudə vaxtının səmərəli təşkili və atıcılıq idman növlərinin təbliğ olunması məqsədilə təşkil olunub.
Hər iştirakçıya atış üçün 10 mərmi verilib. Atışlar iki mərhələdə icra olunub və nəticələr 5 fərqli rakursdan atılan uçan hədəflərin vurulmasına görə hesablanıb. Qələbə uğrundakı maraqlı mübarizə Cövdət Əliyevin üstünlüyü ilə tamamlanıb. Əli Bayramov ikinci, Əli Əlisoy isə üçüncü olub.
Mükafatlandırma mərasimində Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli, Paralimpiya Federasiyasının sədri Nicat Babayev və gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək muxtar respublikada müharibə əlilləri, şəhid ailələri, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək dövlət qayğısı barədə danışıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində atılan addımların davamlı xarakter aldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə daim qürurla xatırlanır, şəhidlərimizin xatirəsi əziz tutulur. Müharibə nəticəsində sağlamlıq imkanlarından məhrum olan hərbçilərimizin reabilitasiyası diqqətdə saxlanılır, sosial qayğılarının həlli istiqamətində əməli tədbirlər görülür.
Göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıq ifadə olunub. Çıxış edənlər qazilərin Vətənimizin bütövlüyü uğrunda göstərdikləri şücaəti yüksək qiymətləndirib, yarışda iştirak edən hər bir iştirakçıya gələcək həyat yolunda uğurlar arzulayıblar.
Qeyd edək ki, birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə reallaşıb.