NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

22.06.2022...Bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair növbəti maarifləndirici tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tural İsmayılov, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində görülən işlərdən və yaradılan şəraitdən danışıb, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov isə çıxışında bildirib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. V.Məmmədov bu baxımdan, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirin davamında, Üzgüçülük idman növü üzrə məşqçi-müəllimlərin fikirləri dinlənilib, bu idman növü haqqında iştirakçılara zəruri məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin, sözügedən mövzuya dair slaydlar əsasında müzakirələr və izahedici söhbətlər aparılıb.
Qeyd edək ki, daha sonra görüş iştirakçıları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzinin, müvafiq kateqoriyadan olan uşaqlar üçün nəzərdə tutulmuş üzgüçülük hovuzunun imkanları ilə tanış olub, istifadə şərtləri haqqında məlumatlandırılıblar.