NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Muxtar respublika paralimpiyaçıları “Boccia” idman növü üzrə Azərbaycan Çempionatı - “Zəfər Turniri”ndə uğurla iştirak ediblər

Reabilitasiyanın bir növü kimi əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası və möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində ardıcıl tədbirlər icra olunur. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. Muxtar respublikada keçirilən tədbirlərlə yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin VI Paralimpiya İdman Oyunlarında uğurlu çıxışın ardından, muxtar respublika paralimpiyaçıları bu dəfə “Boccia” idman növü üzrə “SeniCup” Azərbaycan Çempionatı - “Zəfər Turniri”ndə iştirak ediblər.
Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyasının təşkilatçılığı ilə “Boccia” idman növü üzrə ölkə çempionatının final mərhələsi Bakı İdman Sarayında baş tutub. Final mərhələsinə qədər idmançılar yarışın seçmə mərhələsində iştirak ediblər. Müxtəlif regionlardan 50-dən çox müvafiq kateqoriyalı idmançının iştirak etdiyi yarışda Naxçıvan təmsilçiləri yüksək nəticələr göstəriblər. Paralimpyaçılarımızdan Qafqaz Hüseynov BC3 kateqoriyası üzrə I yerə, Fuad Qəribov isə BC1 növü üzrə II yerə layiq görülüblər.
Qeyd edək ki, yarışın sonunda qalib olan idmançılar hədiyyə və diplomlarla mükafatlandırılıblar.