11 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərindəki "Böyük bağ"da 1 oktyabr-“Beynəlxalq Ahıllar Günü”nə həsr olunmuş ahıl şəxslər arasında stolüstü idman oyunları (şahmat və dama) üzrə birincilik keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Paralimpiya Federasiyasının və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyin məqsədi ahıl vətəndaşların asudə vaxtlarının səmərəli təşkili, onlar arasında stolüstü idman oyunlarına marağın artırılması və həmin oyunların ahıl vətəndaşlar arasında inkişaf etdirilməsi olmuşdur. 16 nəfərin birincilik uğrunda mübarizəsinin nəticəsində şahmat üzrə yarışda Fərzəliyev Seyran I, Talıbov Əşrəf II, Ələkbərov Vahid III, dama üzrə keçirilən yarışda isə Məmmədov Nurəli I, İsmayılov Qadir II, Muradov Çərkəz III yerin sahibi olmuşlar. Qaliblərə təşkilatçılar tərəfindən diplom və plaket, digər iştirakçılara fəxri fərmanlar təqdim olunmuşdur.