NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

06.05.2014 - Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş qolbol paralimpiya idman növü üzrə turnir keçirilmişdir

Mayn 6-da İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş qolbol paralimpiya idman növü üzrə turnirin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yarışda 4 komanda iştirak etmişdir. Azərbaycan Milli Paralimpiya Komitəsinin yığma komandası, İran İslam Respublikasının Urmiya şəhərinin komandası, Bakı və Naxçıvan təmsilçiləri birincilik uğrunda mübarizə aparmışlar.

Turnirin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov demişdir ki, məhdud fiziki imkanlı şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların cəmiyyətə inteqrasiyalarını təmin etmək məqsədilə 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası yaradılmışdır. Federasiya məhdud fiziki imkanlı şəxslərin idman həyatına daha fəal inteqrasiyası, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından səmərəli istifadələri üçün zərurri şəraitin yaradılmasını, müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. 2006-2014-cü illər ərzində muxtar respublikada Paralimpiya Federasiyasının təşkilatçılığı ilə keçirilən müxtəlif idman növləri üzrə yarışlarda yüzlərlə məhdud fiziki imkanlı idmançı öz bacarıq və qabiliyyətini sınamışdır. Idmançılara yaradılan hərtərəfli şərait, onlara göstərilən dövlət qayğısı paralimpiyaçılarımızın beynəlxalq yarışlarda uğurlarını artırır.

Cavid Səfərov ötən il ölkəmizdə ilk dəfə olaraq Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Paralimpiya İdman Festivalının keçirildiyinin xatirladaraq vurğulamışdır ki, bu gün muxtar respublikada ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə ölkəmizdə ilk dəfə olaraq qolbol üzrə turnir keçirilir.

Muxtar respublikada paralimpiyaçılar arasında idmanın qolbol növünün inkişafına xüsusi diqqət yetirilir. Görmə qabiliyyəti məhdud idmançılardan ibarət qolbol komandası 2013-cü ilin avqust ayında yaradılmış və artıq yarışlarda iştirak etmək səviyyəsində formalaşmışdır.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və idman siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Milli Olimpiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyev idmanın prioritet sahə olduğunu dəfələrlə vurğulamışdır. Bu sahədə qazanılan böyük uğurlar isə göz qabağndadır.

Qeyd olunmuşdur ki, son 18 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövrdə ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılmış, müasir idman məktəbləri və idman qurğuları tikilmişdir. Idmana göstərilən qayğının nəticəsidir ki, bədən tərbiyəsi və idmanla məşğul olanların sayı artmışdır.

Bu qayğı və diqqətdən əhalinin sağlamlığı məhdud olan təbəqəsinə də pay düşmüşdür. Belə ki, fiziki imkanları məhdud uşaqların təhsilə və idman bölmələrinə cəlbi istiqamətində xeyli işlər görülmüş, Paralimpiya Federasiyası ilə birlikdə müxtəlif yaş qruplarını əhatə edən idman yarışları keçirilmişdir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov çıxışında vurğulamışdır ki, olkəmizdə paralimpiyaçılarımız dövlətimizin qayğısını daim öz üzərlərində hiss edirlər. Paralimpiyaçıların nüfuzlu idman yarışlarına və olimpiadalara hazırlaşması üçün müasir tələblər səviyyəsində idman qurğularının inşası onların beynəlxalq yarışlarda uğurla çıxış etmələrinə zəmin yaradır.

Naxçıvan Muxtar Republikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün muxtar republikamıxda idmanın və bədən tərbiyəsinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına qoşulması daim diqqət mərkəzində saxlanılır. Bu qayğının nəticəsidir ki, muxtar respublikada mötəbər idman yarışlarının keçiriliməsi bir ənənə halını almışdır.

Çıxışlardan sonra turnirin bədii hissəsi başlamışdır. Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin rəngarəng çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonra meydan idmançılara təhvil verilmişdir. Dörd komandanın mübarizə apardığı turnirdə birinci yere 9 xalla Azərbaycan komandası layiq görülmüşdür. Iran İslam Respublikasının Urmiya şəhərinin komandası 6 xalla ikinci, Naxçıvan komandası 3 xalla üçüncü olmuşdur.

Sonda qalib komandalara Azərbaycan Milli Komitəsinin kuboku, medal və diplomları təqdim edilmişdir.