NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisi Naxçıvana dəvət olunub

Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Reabilitasiyanın bir növü kimi fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Ötən dövr ərzində paralimpiya idman növləri üzrə muxtar respublikada Federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib, bölmələr müvafiq vəsaitlərlə təmin edilib. Eyni zamanda, Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin məşqçilər heyəti muxtar respublikaya dəvət olunub, onların iştirakı ilə məşqçi-müəllim və idmançı heyəti üçün təlimlər, onlayn seminarlar təşkil olunub.
Bu tədbirlərin davamı olaraq, sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkili və idman bacarıqlarının inkişaf etdirilməsi məqsədilə oktyabrın 13-də Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşova və məşqçi Əkbər Qubuşovun iştirakı ilə muxtar respublikada stolüstü tennis ilə məşğul olan paralimpiyaçılar üçün təlim keçirilib. Təlimdə iştirakçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, zəruri hallarda praktiki icra olunub. Muxtar respublikada müvafiq idman növü üzrə paralimpiyaçı məşqçi-müəllimlərin də iştirak etdiyi tədbirdə idmançılara stolüstü tennis üzrə hazırlıq üsulları və oyun qaydaları haqqında zəruri informasiyalar verilib, bu mövzuda müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı və Paralimpiya Federasiyasının sədri Nicat Babayev də tədbirdə iştirak edərək, təlim-məşq prosesini izləyib, idmançıların qayğıları ilə maraqlanıblar. Qeyd edək ki, seminarın sonunda Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşovaya xatirə hədiyyəsi və təşəkkürnamə təqdim olunub.